24.07.2017-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Məcburi köçkünlər şəraitində qadınların səlahiyyətləndirilməsi" layihəsinin məlumatlandırma sessiyası keçirildi.
Tədbirdə mədəniyyət və təhsil işçiləri, qəsəbə sakinləri iştirak etdilər.
Qarşılqılı müzakirə əsasında keçən tədbirdə zorakılığın növlərindən, məişət zorakılığı törətmiş şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi maddələrindən, məişət zorakılığı qurbanlarına yardım mexanizmlərindən maarifləndirici məlumatlar verildi. Çıxış edən təlimçilər zorakılıq hallarına heç kəsin biganə qalmamasını və ictimai qınağın vacibliyini vurğuladılar. Tədbir iştirakçılarına məlumatlandırıcı bukletlər paylanıldı.
Qeyd edək ki, bu layihə məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə - Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərinin bir neçə rayonlarında da təşkil ediləcək. Ümumi olaraq 3 min şəxsin məlumatlandırma sessiyalarına cəlb edilməsi nəzərdə tutulub.